Olqa Ustinova Telekommunikasiya və İnformasiya texnologiyaları (İT) sahələrində 21 ildən artıq iş təcrübəsinə, dərin peşə biliklərinə və bu sektor barədə anlayışa, eləcə də onun perspektivləri barədə aydın təsəvvürə malikdir.
O, NEQSOL Holding-in telekommunikasiya şirkəti, Ukraynada 20 milyon abunəçiyə xidmət göstərən Vodafone Ukrayna şirkətinin Baş icraçı direktorudur.
Xanım Ustinova 1 yanvar 2016-cı il tarixində Vodafone Ukrayna şirkətinin Baş icraçı direktoru təyin edilib. Bundan əvvəl o, Ukraynada Ukrtelecom, Life, N-Pay və GSM Ukrayna kimi telekommunikasiya şirkətlərində uzun müddət rəhbər vəzifələrdə çalışıb. Olqa Ustinova 2010-cu ildən MTS-də işləyib. Dörd il ərzində MTS Ukraynanın Kiyev Ərazi İdarəsinə rəhbərlik edib. 2015-ci ildə o, MTS-də Uzaq Şərq makro-regionuna rəhbərlik edib.
Xanım Ustinova 1995-ci ildə A.S.Popov adına Ukrayna Dövlət Rabitə Akademiyasını fərqlənmə diplomu ilə bitirib.