Xəbərlər

NEQSOL Holding pandemiya ilə bağlı xaricdən Azərbaycana həkim heyətinin gətirilməsinə dəstək olub

NEQSOL Holding və tərkibindəki şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirus pandemiyası və onun mənfi təsirləri ilə mübarizəyə dəstək layihələrini davam etdirir.

Pandemiya dövründə səhiyyə sisteminin imkanlarının dəstəklənməsi məqsədilə NEQSOL Holding Azərbaycana xaricdən 26 nəfərlik professor və həkim heyətinin gəlişini və fəaliyyətini maliyyələşdirib.

Koronavirusla mübarizəyə dəstək istiqamətində NEQSOL Holding müxtəlif tədbirlər həyata keçirib. Daha öncə, Azərbaycanda yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan müxtəlif şirkətlər vəsaitlər köçürüb. Həmçinin, holdinq və tərkibindəki şirkətlər karantin rejimi dövründə ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələrə ərzaq yardımları paylayıb.

Holdinqin tərkibinə daxil olan şirkət koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən ekspress testlərin, süni nəfəs aparatlarının və binaların girişində quraşdırılması məqsədi ilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqlarının ölkəyə gətirilməsi üçün vəsait ayırıb. Həmçinin, müvafiq dövlət qurumları ilə birlikdə səhiyyə işçilərinə dəstək göstərilib, koronovirusla mübarizə sahəsində müxtəlif xidmətlərin və onlayn platformaların yaradılması prosesinə töhfə verilib və digər sosial layihələr həyata keçirilib.

İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən NEQSOL Holding və tərkibindəki şirkətlər Operativ Qərargahın təlimatlarına uyğun olaraq fevral ayından etibarən ofislərində, istehsal sahələrində, müştəri xidməti və sair mərkəzlərdə müxtəlif təhlükəsizlik işləri də həyata keçirib.

NEQSOL Holding ölkədə koronavirusla mübarizəyə dəstək tədbirlərini davam etdirəcək.